ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişin əldə edilməsi məqsədilə yaxın həftələr ərzində Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünü təşkil etməyi planlaşdırırlar. Bu barədə vasitəçilərin çərşənbə axşamı ATƏT-in saytında dərc edilmiş bəyanatında deyilir.
Bəyanatda qeyd edilir ki, həmsədrlər bu yaxınlarda münaqişə regionuna səfər zamanı Azərbaycan, Ermənistan və qondarma Dağlıq Qarabağın rəhbərliyi ilə görüşüblər. Vasitəçilər iki dəfə qoşunların təmas xəttini keçiblər, təhlükəsizlik sahəsində son insidentləri, eləcə də təmas xətti boyunca həyat şəraitini müzakirə ediblər.
“Həmsədrlər Novruz və Pasxa bayramları dövründə qoşunların təmas xəttində nisbi sakitlik hökm sürdüyünü qeyd ediblər. Onlar ümid edir ki, bu vəziyyət bundan sonra da davam edəcək. Vasitəçilər Dağlıq Qarabağdakı hava limanından mülki reyslərin həyata keçirilməsi məsələsini prezidentlərlə müzakirə ediblər”, - deyə bəyanatda bildirilir.
Vasitəçilərin məlumatına əsasən, Azərbaycan və Ermənistan prezidentləri “sülh prosesinə sadiq olduqlarını təsdiq ediblər və bu prosesdə ən yüksək səviyyədə iştirakın davam etdirilməsini dəstəklədiklərini bildiriblər”.