Argentina Azərbaycanla təhsil sahəsində əməkdaşlıqda maraqlıdır. Bu barədə Argentinanın Azərbaycandakı səfirliyinin baş məsləhətçisi və konsulu Gabriel Jorquero çərşənbə axşamı Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovla görüş zamanı bəyan edib. Ali məktəbin mətbuat xidmətindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, diplomat azərbaycanlı tələbələrin Argentinaya tanışlıq səfərinin təşkilinin mümkünlüyünü qeyd edib. O, S.Seyidova Argentinanın La Plata Milli Univeristetində Azərbaycan kafedrasının fəaliyyəti barədə məlumat verib.
S.Seyidov öz növbəsində qonağa ADU-da fəaliyyət göstərən İspan dili mərkəzi, o cümlədən ali məktəbin dünyanın aparıcı, həmçinin İspaniya universitetləri ilə əməkdaşlığı haqqında məlumat verib.
Rektor universitetdə İspan dili ixtisası üzrə təhsil alan tələbələrin dil biliklərinin yüksək səviyyədə olduğunu deyib. O bildirib ki, İspaniyanın Servantes Universitetinin bir neçə müəllimi ispan dilini tədris etmək üçün ali məktəbə dəvət olunublar.
Görüşdə tələbə-müəllim mübadiləsi ilə bağlı müzakirələr aparılıb.