“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” çərçivəsində ümumi informasiya bazası yaradılacaq. Bu barədə rəsmi mətbuatın məlumatında deyilir.
Həmin Dövlət Proqramı çərçivəsində gələcək illər üçün tədbirlər planı nəzərdə tutulub:
dövlət dilinin elm və təhsil müəssisələrində istifadəsi və tətbiqi ilə bağlı mövcud normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması (2013-2015-ci illər); Azərbaycan dilinin tədrisi metodikasının təhsilin bütün pillələri üzrə yeni standartlarının hazırlanması (2013-2015-ci illər); Azərbaycan dilinin tədrisi metodikasının təhsilin bütün pillələri üzrə yeni standartlarının hazırlanması (2013-2015-ci illər); qloballaşma dövrünün tələblərinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun strukturunun təkmilləşdirilməsi və maddi-texniki bazasının müasirləşdirilməsinin təmin edilməsi (2013-cü il); Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərində əcnəbi vətəndaşlar, diaspor nümayəndələri və digər maraq göstərən şəxslər üçün təsərrüfathesablı Azərbaycan dili kurslarının yaradılmasına dair təkliflərin hazırlanması (2015-ci il).
Bundan başqa, Azərbaycan dilinin dövlət dili kimi inkişafında və dilin təmizliyinin qorunmasında, eləcə də ədəbi dilin normalarına əməl olunmamasının, reklamlarda, ictimai iaşə obyektlərində Azərbaycan dilinin leksik və qrammatik qaydalarının pozulmasının qarşısının alınmasında ictimaiyyətin iştirakının təmin edilməsi və operativ tədbirlər görülməsi məqsədilə qaynar xəttin yaradılması (2013-2014-cü illər); Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının yaradılması (2013-2015-ci illər); Azərbaycan dilinin təkmilləşdirilmiş yeni orfoqrafik, izahlı, frazeoloji, terminoloji, tərcümə, ensiklopedik və tezlik elektron lüğətlərinin hazırlanması (2013-2020-ci illər); Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılan əlyazmalardan istifadəni asanlaşdırmaq məqsədilə “Əlyazmaların elektron kitabxanası”nın və internet portalının yaradılması (2013-2015-ci illər) planlaşdırılıb.