Azərbaycan Mərkəzi Bankı (AMB) “İpoteka kreditləşməsinin inkişafı Dövlət Proqramı” layihəsi üzərində işi başa çatdırır. Bu barədə çərşənbə günü jurnalistlərə AMB İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib.
“Proqramın layihəsi üzərində işlər başa çatmaq üzrədir, yaxın vaxtlarda AMB-də sənədlə bağlı müzakirələr aparılacaq. Proqram əsasən ipoteka kreditləşməsi sisteminin genişləndirilməsi, paralel ipotekanın inkişafı, “Mənzil-əmanət bankları haqqında” qanunun qəbul edilməsinə yönəldiləcək”, - deyən E.Rüstəmov əlavə edib ki, AMB bu qanunun qəbulunu vacib hesab edir.
Onun sözlərinə görə, AMB ipoteka kreditləşməsinin şərtlərinin yüngülləşdirilməsini məqsədəuyğun sayır.
Bununla yanaşı, sədr qeyd edib ki, “Sosial ipoteka haqqında” qanunun qəbul edilməsinə ehtiyac yoxdur.
E.Rüstəmov əlavə edib ki, 2013-cü ilin yekunlarına əsasən, ipoteka kreditləşməsinin həcmi (Azərbaycan İpoteka Fondunun xətti ilə - İF-Az) 100 mln. manat təşkil edəcək.
AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 27 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.
2012-ci ildə AİF-in vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 74,77 mln. manat təşkil edib.