İran parlamentinin bəzi üzvlərinin Azərbaycanın İrana birləşdirilməsinə dair fikirləri tamamilə cəfəngiyyatdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini və icra katibi Əli Əhmədov bildirib.
“Bu təşəbbüs sərsəmlikdən başqa bir şey deyil, İranın daxili auditoriyası üçün nəzərdə tutulmuş tam cəfəngiyyatdır. Digər tərəfdən, demək istərdim ki, bu gün İranın başı üstünü qara buludlar alıb, yalnız reallıq və obyektivlik duyğularını itirmiş İran siyasətçiləri belə sərsəm bəyanatlarla çıxış edə bilər”,- deyə Ə.Əhmədov vurğulayıb.
O qeyd edib ki, Azərbaycan müstəqil dövlətdir və beynəlxalq birliyin bərabərhüquqlu üzvüdür, “və əgər İran vətəndaşlarından və ya siyasətçilərindən kimsə bunu şübhə altına alırsa, bu, son dərəcə təəccüb doğurur”.
“İran siyasətçiləri, əlbəttə, əgər obyektivlik duyğularını itirməyiblərsə, bu gün ölkələri qarşısında duran son dərəcə kəskin problemlərin həlli ilə məşğul olmalıdırlar”, - deyə hakim partiyanın nümayəndəsi bildirib.
İran KİV-in məlumatına əsasən, İran parlamentinin bir neçə üzvü 1828-ci ildə Rusiya ilə İran arasında bağlanmış, Azərbaycan ərazilərinin İrana birləşdirilməsinə dair “Türkmənçay” müqaviləsinə yenidən baxılmasını nəzərdə tutan qanun layihəsi üzərində işləyir. “Nəzərə alsaq ki, 1828-ci ildə imzalanmış müqavilənin müddəti artıq başa çatıb, İranın şimal regionlarından olan deputatların forumu qərara alıb ki, bu sənədə yenidən baxılmalıdır.Biz öz hüquqlarımızı bərpa etmək üçün bütün imkanlardan istifadə etməyə çalışacağıq”, - deyə iranlı deputat Kəmaləddin Pirmoazzən bildirib.