Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda banklarla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bu barədə AYİB-in Direktorlar Şurasında Böyük Britaniya Birləşmiş Krallığından direktor Conatan Okenden Bakıda Mərkəzi Bankın rəhbərliyi ilə görüşdə bəyan edib. Bu barədə AMB-dən məlumat verilib.
AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov AYİB ilə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirərək bu beynəlxalq maliyyə institutunun Azərbaycanın bank sistemində iştirakının təqdirəlayiq olduğunu deyib.
Məlumatda qeyd edilir ki, görüş zamanı AYİB-in Azərbaycanda fəaliyyətinin cari vəziyyəti və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Əmkdaşlıq dövründə AYİB Azərbaycanda 117 layihənin reallaşdırılmasına $2,1 mlrd. kredit ayırıb. Hazırda bankın Azərbaycanda layihələr üzrə cari portfeli 692 mln. avro təşkil edir.