Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti Bakıda aksiz markaları ilə markalanmamış alkoqollu içki və tütün məmulatlarının satışı ilə məşğul olan 96 obyekt aşkar edib. Bu barədə Vergilər Nazirliyinin məlumatında bildirilir.
Departament Bakıda aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta aksiz markaları ilə markalanmaqla satılması faktlarının aşkar edilməsi üzrə 255 obyektdə yoxlamalar aparıb.
Yoxlamalar nəticəsində 96 obyektdə 12 min 791,9 manat məbləğində 1 471 ədəd aksiz markası olmayan mal aşkar edilib.
Bundan başqa, reydlər zamanı 77 obyektdə alkoqollu içkilərin və tütün məmulatlarının satışı ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziyanın) alınmadığı müəyyən edilib.
Məlumatda qeyd olunur ki, 4 vergi ödəyicisinin obyektində aksiz markası olmayan 395 ədəd, ümumilikdə 4,282 min manat məbləğində mal aşkar edilib və həmin malların satışını həyata keçirən şəxslərin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1.-ci maddəsində nəzərdə tutulan cinayət əlamətləri olduğuna görə toplanan yoxlama materialları Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.