Azərbaycan ATƏT-in Bakı Ofisinin statusunun müəyyən edilməsi məsələsində bəzi ölkələr tərəfindən şantaja məruz qalır. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə axşamı brifinqdə bəyan edib.
“Bəzi ölkələr bizi şantaj etməyə cəhd göstərərək bu məsələdə konsensusa nail olmağa imkan vermirlər”, - deyə E.Məmmədyarov bildirib. O qeyd edib ki, Vyanada ATƏT Daimi Şurasında təşkilatın Bakı Ofisinin statusu ilə əlaqədar məsələnin müzakirəsi və həlli məqsədilə ekspert qrupunun yaradılmasına dair qərar qəbul edilib. Lakin müəyyən ölkələr bu prosesi pozurlar.
“Bu cür şantaj qəbuledilməzdir. Çünki ATƏT-ə üzv dövlətlərin öz hüquqları var və həmin dövlətlər təşkilatın statusunun müəyyən edilməsi ilə bağlı özləri qərar qəbul edə bilər”, - deyə E.Məmmədyarov vurğulayıb.