Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Lüksemburqa səfəri çərçivəsində keçirdiyi görüşlərdə ikitərəfli münasibətlərin inkişafı məsələlərini müzakirə edib. Bu barədə Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyinin mətbuat xidməti cümə axşamı məlumat verib.
M.Məmmədquliyev Lüksemburqun iqtisadiyyat və xarici ticarət naziri Etyen Şnayder, Xarici İşlər Nazirliyinin baş katibi Jan-Pol Senninqer və Lüksemburq Ticarət Palatasının sədri Pyer Qramena ilə görüşüb. Danışıqlar zamanı ikitərəfli siyasi əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilib və iqtisadi münasibətlərin də eyni səviyyəyə çatdırılmasının vacibliyi vurğulanıb.
Tərəflər Azərbaycan və Lüksemburq arasında bir sıra sahələr üzrə əməkdaşlığın bundan sonra da dərinləşdirilməsinin zəruri olduğunu qeyd ediblər.
Görüşlərdə, həmçinin maliyyə resurslarının idarə edilməsi, bank sektoru, informasiya texnologiyaları və səhiyyə sahələrində əldə edilmiş nailiyyətlərdən azərbaycanlı mütəxəssislərin faydalanmasının mümkün yolları, eləcə də birgə biznes seminarların və iki ölkənin iş adamlarının qarşılıqlı səfərlərinin təşkili məsələləri müzakirə mövzusu olub.