Azərbaycan Prezidenti İlham Əliyev tələbəlik illərində ona dərs demiş MDBMİ-nin bütün pedaqoji heyətinə minnətdarlığını bildirir.
“Mənə dərs demiş hər kəsə, xüsusilə də Nikolay İvanoviç Lebedevə (MDBMİ-nin keçmiş rektoru-İF-Az) minnətdarlığımı bildirmək istəyirəm , - deyə İ.Əliyev cümə günü Bakıda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının I Dünya Forumunun iştirakçıları qarşısında çıxışı zamanı bildirib. Prezident söyləyib ki, dünən N.Lebedevlə iki saata yaxın söhbət zamanı “təhsil aldığım illəri xatırladıq, beynəlxalq siyasət məsələlərini müzakirə etdik”.
“Mən hələ də görüşümüzün təsiri altındayam. Bizim bu gün yüksək qiymət verdiyimiz ənənələr Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda onun rəhbərliyi altında qoyulub”, - deyə dövlət başçısı vurğulayıb. Onun sözlərinə görə, “Bugünkü atmosfer tamamilə MDBMİ-dəki həmin atmosferi xatırladır. Biz o atmosferi hər zaman xatırlayırıq və heç vaxt unutmayacağıq”.
İ.Əliyev ali məktəbin indiki rektoru Anatoli Torkunovun da xüdmətlərini qeyd edib.
“MDBMİ məhz onun rəhbərliyi altında aparıcı təhsil müəssisələrindən birinə çevrilib. Qeyd etdiyim ənənələr bizim ailəmizdə də qorunub saxlanır. Çox şadam ki, Leyla ( Prezidentin qızı Leyla Əliyeva - İF-Az) məhz MDBMİ-də təhsil alıb”,- deyə İ.Əliyev əlavə edib.
Dövlət başçısı Forumun bugünkü tədbirə qatılan nümayəndələrin təmsil etdiyi ölkələr arasında münasibətlərin inkişafına təkan verəcəyinə ümidvar olduğunu bildirib.
“Mən ömrümün 15 ilini MDBMİ-də keçirmişəm. Orada aldığım təhsil bu gün də mənə kömək edir”, - deyə o söyləyib.
Prezident çıxışında müstəqil Azərbaycanın inkişaf tarixi, əldə olunan uğurlar barədə forum iştirakçılarını məlumatlandırıb. Bildirib ki, son 10 ildə iqtisadiyyatın həcmi 3 dəfə artıb, eyni artım sənaye istehsalında da müşahidə olunub. İ.Əliyev neft gəlirlərinin ədalətli bölgüsünün təmin olunduğunu və bu gün qarşıda duran əsas vəzifənin qeyri-neft sektorunun inkişaf etdirilməsi olduğunu vurğulayıb.