Azərbaycanın xalq artisti, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru Nodar Şaşıqoğlu vəfat edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə teatrın baş rejissoru Aleksandr Şarovski məlumat verib.
“Bu gün səhər saatlarında böyük sənətkar, teatr və kinoda bir çox rolların ifaçısı olan Nodar Şaşıqoğlu 86 yaşında vəfat edib”, - deyə A.Şarovski bildirib.
N.Şaşıqoğlu “Uzaq sahillərdə” filmində baş rolun - Mehdi Hüseynzadə rolunun ifası sayəsində məşhur olub.
Sənətkar “Onun böyük ürəyi”, “Əsl dost”, “Matteo Falkone”, “Səhər”, “Bizim küçə”, “Leyli və Məcnun”, “Telefonçu qız”, “De ki, məni sevirsən”, “Sevinc buxtası”, "Əhd-Peyman" filmlərində çəkilib.
Bundan başqa, N.Şaşıqoğlu 82 yaşında V.Şekspirin “Kral Lir” pyesi əsasında hazırlanmış tamaşada Kral Lir rolunu ifa etdiyinə görə dünyada bu yaşda həmin obrazı canlandırmış yeganə aktyor kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.