Bakı və Azərbaycanın 42 rayonunun su təchizatı və kanalizasiya sistemlərinin tikintisi və modernləşdirilməsinə ümumi investisiyalar $5 mlrd. təşkil edəcək. Bu barədə Azərbaycanın baş nazirinin müavini Abid Şərifov cümə günü Bakıda keçirilən Xəzər Beynəlxalq Su Texnologiyaları Konfransında bəyan edib.
“Bu məbləğdən $1,8 mlrd. beynəlxalq maliyyə institutlarından cəlb olunan kredit, qalanı büdcə vəsaitləridir”, - deyə A.Şərifov bildirib.
Onun sözlərinə görə, hazırda respublikanın 38 şəhər və rayonunda su təchizatı sistemlərinin tikintisi və modernləşdirilməsi üzrə iş aparılır.
Baş nazirin müavini vurğulayıb ki, son iki il ərzində dövlət büdcəsindən “Azərsu” ASC-yə bu işlərin həyata keçirilməsi üçün hər il $1 mlrd. vəsait ayrılıb.
Daha əvvəl “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynova istinadən məlumat verilib ki, Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin tikintisi və modernləşdirilməsinə investisiyalar 8 mlrd. manat məbləğində qiymətləndirilir.