Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2013-cü ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 84,8 mln. manat güzəştli kredit verib. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.
2013-cü ilin əvvəlindən fondun vəsaitləri hesabına 729 investisiya layihəsi maliyyələşdirilib.
“Bu layihələrin kreditləşdirilməsi təxminən 2 680 yeni iş yerinin yaradılmasına imkan verəcək", - deyə məlumatda SKMF-in icraçı direktoru Şirzad Abdullayevə istinadən bildirilir.
SKMF cümə günü İsmayıllı rayonunda “Bakı və ətraf qəsəbələrdə sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir təşkil edib.
Ş.Abdullayev tədbirdə qeyd edib ki, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara ümumilikdə 25,1 mln. manat məbləğində 850 güzəştli kredit verilib.
“Tədbir çərçivəsində cümə günü 58 sahibkara 606 min manat güzəştli kredit verilib ki, bu kreditlər hesabına 100-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlər əsasən heyvandarlıq, üzümçülük, arıçılıq və xalçaçılığın inkişafına yönəldiləcək”, - deyə məlumatda vurğulanır.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2012-ci ildə fond sahibkarlara 218 mln. manat məbləğində güzəştli kredit verib, 2013-cü ildə ümumilikdə 250 mln. manat kredit verməyi planlaşdırır.