Cümə günü Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Münaqişələrin Qarşısının Alınması Mərkəzinin direktoru Adam Kobieratski və Avropa Şurasının Azərbaycan və Ermənistan üzrə alt qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşləri zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə mövzusu olub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
A.Kobieratski ilə görüşdə ATƏT-in gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
E.Məmmədyarov bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistan qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır. Onun sözlərinə görə, münaqişənin həllinin uzanması sülh və sabitliyin bərpasına əngəl törədir və regionun inkişafını ləngidir. Nazir vurğulayıb ki, beynəlxalq ictimaiyyət işğalçı dövlətə qarşı təzyiqləri artırmalıdır. O bildirib ki, Azərbaycan ATƏT-in tamhüquqlu üzvü kimi təşkilatla əməkdaşlığı davam etdirəcək. XİN başçısı bu struktur tərəfindən bütün üzv dövlətlərə qarşı eyni münasibətin vacibliyini qeyd edib.
E.Məmmədyarov həmçinin Avropa Şurasının Azərbaycan və Ermənistan üzrə alt qrupunun üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Tərəflər Azərbaycan və Avropa Şurası arasında əməkdaşlığın vəziyyətindən məmnunluq ifadə ediblər, o cümlədən təşkilatın gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Azərbaycan və Avropa Şurası arasında əməkdaşlığın genişlənməsinin vacibliyini qeyd edib. O, görüş iştirakçılarına Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlar barədə məlumat verib.
Görüş zamanı regionda gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb.