Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov hesab edir ki, Azərbaycanda dini ədəbiyyata tələbat daxili nəşrlər hesabına təmin edilməlidir.
“Hesab edirəm ki, dini ədəbiyyata ehtiyac daxili nəşrlər hesabına təmin olunmalıdır”, – deyə E.İskəndərov cümə günü jurnalistlərə Şamaxıda keçirilən “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda regional konfrans çərçivəsində bəyan edib.
Eyni zamanda komitə sədri rəhbərlik etdiyi idarədə təxribatçı dini ədəbiyyatın siyahısının hazırlanmasına dair planlar barədə məlumat verib.
“Yaxın vaxtlarda destruktiv dini ədəbiyyatın siyahısı dərc olunacaq”, – deyə E.İskəndərov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə fəal iş aparılır. O həmçinin qeyd edib ki, bu cür ədəbiyyat siyahısının açıqlanması onların ölkəyə idxalını məhdudlaşdırmayacaq.
“Dini ədəbiyyatın markalanması hər hansı ədəbiyyatın və ya onun ölkəyə idxalının məhdudlaşdırılması demək deyil. Bu, saxtalaşdırmanın qarşısını almağa imkan verəcək və müəllif hüquqlarını qoruyacaq”, - deyə sədr söyləyib.