2013-cü ilin mart ayında Azərbaycanda inflyasiya fevral ayı ilə müqayisədə 0,6% təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2013-cü ilin mart ayında ərzaq məhsullarının qiymətləri 1,3% bahalaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla eyni səviyyədə qalıb.
Mart ayında makaron və kolbasa məmulatlarının, təzə balığın, südün, xamanın, qatığın, günəbaxan və qarğıdalı yağlarının, portağalın, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, qoz və fındığın, şabalıdın, kələmin, xiyar və pomidorun, bibərin, çuğundurun, kökün, sarımsağın, soğanın qiymətlərində bahalaşma müşahidə olunub.
Ay ərzində düyünün, qarabaşaq yarmasının, mal ətinin, toyuq və toyuq budunun, yumurtanın, kərə yağının, şəkər və şəkər tozunun, limonun, göyərtinin qiymətlərində ucuzlaşma qeydə alınıb.
2013-cü ildə Azərbaycan hökuməti orta illik inflyasiyanı 5,7% səviyyəsində proqnozlaşdırır.
2012-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 1,1% təşkil edib.