ABŞ tərəfindən Azərbaycana ayrılan yardımın azaldılması büdcənin azalması ilə əlaqədardır. ABŞ Dövlət Departamentinin Avropa və Asiya məsələləri üzrə Bürosunun Qafqaz və regional münaqişələr üzrə ofisinin direktoru Castin Fridman Gəncədə jurnalistlərə müsahibəsində belə bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Büdcənin azalması, daha doğrusu, ABŞ vətəndaşlarının vergi vermək arzusu və həmin verginin necə xərclənməsi barədə qərarı xalqın seçdiyi Konqres verir. Ümumilikdə ABŞ-da büdcə azaldığına görə xüsusi ölkələrə yardımın məbləği də azalıb”,- deyə C.Fridman bildirib.
Gəncəyə səfəri zamanı Dövlət Departamentinin nümayəndəsi şəhər rəhbərliyi ilə görüşüb.
“Gəncə şəhər İcra Hakimiyyətinin başçısı ilə sosial-iqtisadi inkişaf və insan haqlarının müdafiəsi məsələləri müzakirə edilib.Görüş açıq və demokratik şəraitdə keçib”,- deyə diplomat əlavə edib.