Bu il Azərbaycanın Naxçıvan Muxtar Respublikası və Ukraynanın Krım Muxtar Respublikası arasında əməkdaşlıq və qardaşlığa dair sazişin imzalanması planlaşdırılır. Bu barədə Krımın kurortlar və turizm naziri Aleksandr Liyev məlumat verib.
“Biz iki muxtariyyət arasında əməkdaşlığa dair saziş imzalamaq barədə razılığa gəlmişik. Düşünürəm ki, bu saziş bu il bizim baş nazirin iştirakı ilə imzalanacaq”, - deyə A.Liyev “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, iki muxtar respublikanı birləşdirən bir çox ümumi cəhətlər var və tərəflər oxşar problemlərin həllində təcrübə mübadiləsi apara bilərlər.
“Saziş çərçivəsində Naxçıvan və Krım universitetləri arasında memorandumun imzalanması da planlaşdırılır. Krımın bir sıra dövlət universitetləri bu saziş çərçivəsində tələbə və təcrübə mübadiləsi aparmağa hazırdır”, - deyə A.Liyev qeyd edib.
Müsahibənin tam mətni ilə agentliyin www.interfax.az saytında tanış olmaq olar.