Azərbaycanda “Elektron kənd təsərrüfatı” layihəsi həyata keçirilməlidir. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bazar günü Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bildirib.
İ.Əliyevin çıxışının mətni rəsmi KİV-də dərc edilib.
“Elektron kənd təsərrüfatı layihəsi” həyata keçirilməlidir, fermerlərin elektron qeydiyyat sistemi yaradılmalıdır. Əgər biz buna nail ola bilsək, əlbəttə, digər başqa tədbirlərlə yanaşı, biz aqrar sektorun dayanaqlı inkişafını daha da sürətləndirə bilərik”, - deyə dövlət başçısı bildirib.
Bununla yanaşı, Prezident söyləyib ki, hazırda dövlət aqrar sektorun inkişafına hərtərəfli yardım göstərir, aqroservislər yaradılır, kreditlər verilir və s.
Dövlət başçısı 2013-cü ildə Dövlət İnvestisiya Proqramının həyata keçirilməsində heç bir problemin olmayacağına əminliyini ifadə edib.
“Keçən il ölkə iqtisadiyyatına müxtəlif mənbələrdən 22 mlrd. dollar investisiya qoyulub. Bu investisiyaların böyük hissəsi daxili sərmayələrdir. Ancaq xarici investisiyalar da təqribən 30% səviyyəsindədir. Bu göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə olaraq qalır. Bunu nəzərə alaraq hesab edirəm ki, bu il də Azərbaycana qoyulacaq investisiya 22 mlrd. dollardan az olmayacaq”,- deyə o bildirib.
İ.Əliyev hökuməti respublikada makroiqtisadi sabitliyi təmin etməyə, o cümlədən inflyasiya təzyiqini azaltmağa çağırıb.