Aprelin 17-də Bakıda Azərbaycan-Qazaxıstan biznes forumu keçiriləcək. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) məlumatında deyilir.
Biznes forum Aktau şəhər akimi Edil Janbırişin Bakıya səfəri çərçivəsində təşkil ediləcək.
Qazaxıstan nümayəndə heyətinin tərkibinə rəsmi şəxslər, həmçinin şəhərsalma, su təchizatı, tikinti, zibil və bərk məişət tullantılarının emalı, enerji təhlükəsizliyi, alternativ enerji və digər sektorları təmsil edən sahibkarlar daxildir.
Azpromo İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.