Müsəlman təşkilatları müxtəlif millət və dindən olan insanlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə mühüm töhfə verirlər. Bu barədə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin MDB Müsəlmanları Məşvərət Şurasının çərşənbə axşamı Bakıda keçirilən “MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarıdırlar” mövzusunda konfransının iştirakçılarına müraciətində bildirilir. Müraciəti Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin oxuyub.
Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrdə milyonlarla müsəlman yaşayır. Müsəlman təşkilatlarının fəal dialoq aparmaları və müxtəlif millət və dindən olan insanlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə mühüm töhfə vermələri, digər dini icmaların nümayəndələri ilə birgə humanitar, maarifləndirici və xeyriyyə layihələri həyata keçirmələri çox əhəmiyyətlidir”, - deyə müraciətin mətnində qeyd edilir.
Rusiya prezidentinin sözlərinə görə, bu cür fəaliyyət “dövlətlərimizin sosial-iqtisadi inkişaf maraqlarına, cəmiyyətin birləşməsinə tam şəkildə uyğundur və əlbəttə ki, MDB məkanında inteqrasiya prosesinin vacib əsaslarından birinə xidmət edir”.
“Qeyd edim ki, forumun gündəliyinə əxlaqi və mədəni dəyərlərin, vətəndaşların dini duyğularının qorunması, dövlət və müsəlman təşkilatlarının qarşılıqlı əlaqələrinin səmərəliliyi, ekstremizm və radikalizmə qarşı mübarizə kimi aktual problemlər daxildir”, - deyə V.Putin bəyan edib.
“Ardıcıl surətdə dini fanatizmin, mərhəmət, qarşılıqlı yardım və dözümlülük prinsiplərinə əsaslanan islamın mənəvi təməllərini təhrif etmək cəhdlərinin qəbul edilməməsi atmosferi formalaşdırmaq lazımdır. Əminəm ki, konfransda baş tutan konstruktiv və məzmunlu söhbət gələcəkdə Avrasiya məkanında əsrlər boyu dostluq və din azadlığının qəbul edilməsi ənənələrinin inkişafına, MDB və uzaq xarici ölkələrin islam cəmiyyətləri arasında mənəvi əlaqələrin möhkəmlənməsinə xidmət edəcək”, - deyə V.Putinin müraciətində bildirilir.