18-19 aprel tarixlərində Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu və problemləri” mövzusunda III respublika elmi konfransı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.
Konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunub.
Konfransda “Muzeylərdə elmi, fond, ekspozisiya işi və Azərbaycan tarixinin öyrənilməsi”, “Muzey pedaqogikası və tarixi tədqiqatlar”, “Azərbaycan tarixinin təbliğində muzeylərin rolu”, “Azərbaycan tarixinin təbliğində muzeylərin təhsil müəssisələri ilə qarşılıqlı əlaqələri” mövzularında məruzələr dinləniləcək.
Plenar iclas və seksiyalarda muzeyin direktoru, AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı, AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Xatirə Bəşirli, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova və başqaları çıxış edəcəklər.
Konfransın materialları toplu şəklində nəşr ediləcək.