Aprel ayından etibarən ABŞ-ın Stenford Universitetinin musiqi fakültəsində Azərbaycan musiqisi və mədəniyyəti kursu açılıb. Bu barədə “Interfaks-Azərbaycan” agentliyinə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
Stenford Universiteti incəsənət və humanitar elmlər üzrə dünya universitetləri arasında ilk yeri tutur.
Kurs mahir kamança ustası, hazırda San Fransisko şəhərində yaşayan İmamyar Həsənov tərəfindən tədris olunur. Azərbaycan mənşəli amerikalı Kristal Barqeleym isə kursun nəzəri aspektlərinin tədrisində İ.Həsənova yardım edir.
Kurs ərzində tələbələr Azərbaycanın zəngin musiqi mədəniyyətinin, xüsusilə muğamların həm praktik, həm də nəzəri aspektlərini mənimsəyəcək, kamança və digər musiqi alətlərində Azərbaycan mahnılarını ifa etməyi öyrənəcəklər.
Kursun sonunda tələbələrin nəzəri imtahanla yanaşı, yekun imtahan olaraq universitetdə Azərbaycan musiqisinə həsr olunmuş geniş konsert proqramı ilə çıxış etmələri nəzərdə tutulub.