Çexiya Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üzrə “Praqa prosesi”ndə iştirak etməyə və bu problemin nizamlanmasında konstruktiv rol oynamağa hazırdır. Bu barədə Çexiya Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsinin sədr müaviniYan Hamaçek bəyan edib.
“Biz Praqa şəhərinin şərəfinə adlandırılan bu prosesdə iştirak etməyə hazırıq. Çexiya Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün hansı problemlər yaratdığını çox yaxşı anlayır. Bu, çox mürəkkəb münaqişədir, lakin buna baxmayaraq, Dağlıq Qarabağla bağlı status-kvo əbədi davam edə bilməz. Vəziyyət “ölü nöqtə”dən tərpənməlidir”, - deyə o, rəhbərlik etdiyi nümayəndə heyətinin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşündə vurğulayıb.
Y.Hamaçek ərazilərinin bir hissəsinin işğalına baxmayaraq, Azərbaycanın son illərdə iqtisadi tərəqqiyə nail olmasından məmnunluq ifadə edib.
“Biz yaxşı başa düşürük ki, münaqişənin həll edilməməsi Azərbaycan üçün böyük yükdür. Buna baxmayaraq, siz iqtisadi tərəqqiyə nail olmusunuz və biz qarşınızda baş əyirik. Əminik ki, status-kvo BMT qətnamələrini yerinə yetirməklə dəyişdirilməlidir”, - deyə Çexiya nümayəndə heyətinin rəhbəri qeyd edib.
Y.Hamaçekin qeyd etdiyi kimi, Azərbaycan və Çexiya tarixi nöqteyi-nəzərdən ümumi cəhətlərə malikdir. “Həm Çexiya, həm Azərbaycan əvvəllər böyük imperiyalar – Avstro-Macar və Çar Rusiyası çərçivəsində mövcud olub. Birinci Dünya müharibəsi nəticəsində hər iki rejim dağılıb. Nəticədə dövlətlərimiz müstəqillik əldə edib. Çexiyanın müstəqilliyi 20 il davam edib. Azərbaycan Demokratik Respublikası isə yalnız iki il fəaliyyət göstərib. Lakin bu, islam ölkələri arasında ilk uğurlu demokratik dövlət yaratmaq cəhdi idi”, - deyə Çexiya parlament komitəsinin rəhbəri vurğulayıb.
İkitərəfli münasibətlərin inkişafı məsələsinə toxunan Y.Hamaçek mədəniyyət və təhsil sahələrində əməkdaşlığın dərinləşməsinin vacibliyini qeyd edib.
“Bu sahələrdə əməkdaşlığı yaxşılaşdırmaq lazımdır. Biz Bakı Slavyan Universitetində olduq. Burada azərbaycanlı tələbələrin çex dilinə marağı bizə dərin təsir bağışladı. Ali məktəbin tələbələri Çexiya parlamentində təcrübə keçmək istədiklərini bildirdilər. Biz onların ölkəmizdə necə vaxt keçirə biləcəyinə dair layihə və ya format tərtib etməyə hazırıq”, - deyə o bildirib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva öz növbəsində Çexiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycanın mövqeyini dəstəkləməsini yüksək qiymətləndirib. “Ölkəmiz üçün əsas problem olan Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədiyinə görə Çexiyaya minnətdarıq. Çexiya parlamentində Xocalı soyqırımına dair qətnamənin qəbul edilməsi ölkənizin hər zaman yanımızda olduğunun və real vəziyyəti tanımağa hazır olmasının bariz nümunəsidir”, - deyə o vurğulayıb.
S.Fətəliyeva ikitərəfli münasibətlərin inkişafına toxunaraq qeyd edib ki, Azərbaycan və Çexiya arasında çox yaxşı iqtisadi əməkdaşlıq mövcuddur.
“Uzun illər ərzində ölkələrimiz arasında ikitərəfli iqtisadi əlaqələr uğurla inkişaf edir. Çexiya ilə dostluq münasibətləri qarşılıqlı səmərəli əməkdaşlıq şəraitində inkişaf edir”, - deyə o bildirib.
Parlament üzvü, həmçinin qeyd edib ki, Azərbaycanda çex dili və mədəniyyətinə, bu ölkənin tarixinin öyrənilməsinə böyük diqqət ayrılır.
“Azərbaycan gəncləri və tələbələr arasında çex dilinin öyrənilməsinə böyük maraq var. İki ölkənin ali məktəbləri arasında tələbə mübadiləsi mədəni və humanitar əlaqələrin inkişafını göstərir”, - deyən S.Fətəliyeva iki ölkə arasında elm və təhsil sahələrində dostluq əlaqələrinin mövcudluğunu qeyd edib.