Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov və İndoneziya Respublikasının Nümayəndələr Palatasının sədri Marzuki Alien təhsil sahəsi ilə bağlı məsələləri müzakirə ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ali məktəbin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə rektor qonaqlara Azərbaycan Dillər Universitetində İndoneziya Mərkəzinin fəaliyyət göstərdiyini bildirərək bu ölkənin səfirliyinin ADU ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb.
Azərbaycan və İndoneziya arasındakı əlaqələrə toxunan qonaq hər iki ölkənin çox böyük imkanları olduğunu və bu imkanlardan hər iki tərəfin istifadə edə biləcəyini qeyd edib. M.Alien hər iki ölkədə təhsil sahəsində səviyyənin artması üçün tələbə mübadiləsinin vacibliyini vurğulayıb.
Parlament üzvü, həmçinin İndoneziyada təhsil almaq istəyən azərbaycanlı tələbələrə şərait yaratmağa hazır olduğunu bəyan edib.
M.Alien İndoneziya Mərkəzinə müxtəlif, o cümlədən müəllifi olduğu kitabları hədiyyə edib.