MDB-nin din xadimləri xarici qüvvələrin deyil, öz xalqlarının məqsədlərinə xidmət etməlidirlər. Moskva patriarxlığı belə hesab edir.
“Bu gün bizim tarixi məkanımız üçün yad olan bir çox qüvvələr dini həyatı və dinlərarası münasibətləri bizi xarici amillərdən asılı vəziyyətə salmaq, bəlkə də ola bilsin ki, bizi diz üstə çökdürmək və ya ölkələrimizdə daim xaos yaratmaq üçün istifadə etmək istəyir”, - deyə kilsə ilə cəmiyyətin qarşılıqlı münasibətləri üzrə sinod şöbəsinin sədri protoirey Vsevolod Çaplin bu gün Bakıda QMİ sədri Allahşükür Paşazadənin rəhbərliyi altında keçirilən müşavirədə çıxışı zamanı bildirib.
Tədbir bir gün əvvəl Bakıda keçirilmiş MDB Müsəlmanları Məşvərət Şurasının "MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarlarıdır” adlı konfransın yekunlarına həsr edilib.
V. Çaplin bildirib ki, onun qeyd etdiyi hərəkətlər yalnız terror aktlarında və ekstremizm təbliğatında özünü göstərmir, “ daha incə təsir vasitələri də mövcuddur”.
“Bununla yanaşı, bəzən dinlərarası dialoqun dini sinkretizm, bütün dinlərin bir dində birləşdirilməsi, ilahiyyatdakı fərqlərin silinməsi, rəmzlərin, ayinlərin qarışdırılması kimi modelləri bizə zorla qəbul etdirmək istəyirlər ki, bu da xalqlarımız tərəfindən rədd edilir”,- deyə o bildirib.
Keşiş əmindir ki, MDB din xadimləri xaricdən heç kimə onları idarə etməyə, “dini həyat və dinlərarası münasibətlərlə oynamağa, xarici dini təsirlərin vasitəsilə ölkələrdə idarəolunan xaos yaratmağa və xalqları manipulyasiya etməyə” imkan verməməlidirlər.
Onun sözlərinə görə, həm MDB Məşvərət Şurası, həm də MDB-nin Dinlərarası Şurası “hər hansı xarici tövsiyələri deyil, öz xalqlarının iradəsini nəzərə almalıdırlar”.
“Biz ilk növbədə ruhanilərimizin nə düşündüyünə, bizdən nə istədiklərinə qulaq asmalı, onların öz xalqlarının gələcəyini necə gördüklərini öyrənməliyik. Mən ümid edirəm ki, bizi əhatə edən dünyadakı çətinliklərə baxmayaraq, bu yolda bizi uğur gözləyir”, - deyə rus kilsəsinin nümayəndəsi vurğulayıb.