Çindən Azərbaycana quş ətinin gətirilməsi qadağan olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Xidmətindən məlumat verilib.
“Çində H7N9 qripinin yayılması ilə əlaqədar böhran vəziyyəti yaranan kimi bu ölkədən respublikaya quş ətinin gətirilməsinə qadağa qoyulub. Əvvəlki illərdə - H5N1, A/H1N1 viruslarının tüğyan etdiyi dövrlərdə də analoji tədbirlər görülmüşdü”, - deyə mətbuat xidmətindən bildirilib.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyevanın sözlərinə görə, hələ ki, respublikada H7N9 virusunun olması laborator təsdiqini tapmayıb.
“Son iki ayda 25 nümunə analiz edilmək üçün Taun Əleyhinə Stansiyanın laboratoriyasına göndərilib, amma onların hamısı mövsümi qripin ağır formaları olub”, - deyə o bildirib.
“Hələ ki, vəziyyət sabitdir, bizdə nə donuz, nə də quş qripi virusu yoxdur”, - deyə A.Əliyeva bəyan edib.