Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov gələn həftə Assambleyanın Strasburqda keçiriləcək sessiyasında Ermənistan parlamentinin nümayəndə heyətinin rəhbəri ilə görüşməyi planlaşdırır.
“Biz Dağlıq Qarabağ üzrə Alt Komitə çərçivəsində Azərbaycan və Ermənistanın AŞPA-dakı nümayəndə heyətlərinin rəhbərləri ilə görüş keçirmək istərdik”, - deyə S.Seyidov cümə axşamı jurnalistlərə bildirib.
“Biz hətta istərdik ki, görüş yalnız nümayəndə heyətləri rəhbərləri səviyyəsində keçirilməsin, həm də hər iki nümayəndə heyəti tam tərkibdə görüşsün”, - deyə o əlavə edib.
Parlament üzvünün sözlərinə görə, Azərbaycan tərəfi çoxdan bu formatda görüşə nail olmağa çalışır. Lakin Ermənistan tərəfi bütün bu cəhdlərə rədd cavabı verir.
“Mən bu sessiyada da Ermənistan nümayəndə heyətinin rəhbəri ilə görüşməyə cəhd göstərəcəyəm. Əminəm ki, bu görüş baş tutacaq”, - deyən S.Seyidov qeyd edib ki, Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan-Klod Minyon da bu istiqamətdə səylər göstərir.