2012-ci ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 14,3% - 26 mlrd. 890,136 mln. manatadək artıb.
Bu barədə ARDNF-in 2012-ci il ərzində fəaliyyətinin yekunlarına dair konsolidasiya edilmiş maliyyə hesabatında deyilir. Hesabat “Ernst&Young” audit şirkəti tərəfindən təsdiq edilib.
Auditor rəyinə əsasən, 2012-ci ildə fondun uzunmüddətli aktivlərinin ümumi həcmi 876,628 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin göstəricisindən 2,3 dəfə çoxdur. 2013-cü ilin əvvəlinə maliyyə alətlərinə investisiyalar 456,969 mln. manat (2012-ci il ərzində artım 39,7%), əmlakın alınmasına investisiyalar 338,057 mln. manat (2011-ci ildə həyata keçirilməyib) təşkil edib.
2012-ci ildə fondun ümumi əməliyyat gəlirləri 798,236 mln. manat (artım 39,2%) təşkil edib.
2012-ci ildə ARDNF-in 7 xarici bankda depozitlərinin ümumi həcmi 444,197 mln. manat təşkil edib. Bu məbləğdən 137,261 mln. manat Türkiyənin “T.C. Ziraat Bankasi A.S.”də, 136,89 mln. manat “Akbank T.A.S”da (İstanbul), 91 mln. 312 min manat “Turkiye Is Bankasi”nda (İstanbul), 78 mln. 536 min manat “Gazprombank”da (Rusiya), 66 min manat “VTB Bank” ASC-də, 86 min manat “BNP Paribas”da, 46 min manat “Jefferies Bache”da yerləşdirilib.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.