Rəsmi Bakı KİV-i Bakı və Tehran arasında ikitərəfli münasibətlərin inkişafına zərbə vuracaq addımlar atmaqdan çəkinməyə, bu məsələyə daha diqqətlə yanaşmağa çağırıb.
“Azərbaycanın Xarici İşlər Nazirliyi 2013-cü il aprelin 17-də “Olaylar” qəzetində dərc edilmiş məqalə ilə əlaqədar təəssüfünü ifadə edərək onun Azərbaycan tərəfinin mövqeyini əks etdirmədiyini və qəbuledilməz olduğunu bildirib”, - deyə XİN-in mətbuat katibi Elman Abdullayev “Olaylar” qəzetində dərc edilmiş məqaləyə münasibət bildirərkən söyləyib.
Məqalədə İranın ali dini lideri Ayətullah Əli Xamneyiyə ünvanlanmış tənqidi fikirlər yer alıb.
E.Abdullayevin sözlərinə görə, Azərbaycanla İran arasında siyasi, iqtisadi, mədəni və sosial sahələrdə münasibətlər genişlənir, ölkələr ümumi tarix, mədəniyyət və dinə malikdir.
Bununla yanaşı, E.Abdullayev son zamanlar Azərbaycan və İran arasındakı dostluq münasibətlərinə zərbə vurmaq istəyən destruktiv qüvvələrin fəallaşdığını qeyd edib.
“Ölkələrimiz arasında dostluq və mehriban qonşuluq əlaqələrinin inkişafına mane olmaq istəyən və hər vasitə ilə ikitərəfli əlaqələrə kölgə salmaq istəyən qüvvələr məqsədyönlü şəkildə bu istiqamətdə ardıcıl və ciddi addımlar atırlar. Bunun nəticəsində yaranan vəziyyət Azərbaycan və İran arasında yaxın mehriban qonşuluq münasibətlərinə və dövlət maraqlarına ziddir”,- deyə E.Abdullayev qeyd edib.
XİN rəsmisi hər iki ölkə mətbuatında belə arzuolunmaz hallara son qoyulacağına və iki ölkə arasına nifaq salmaq istəyənlərin ifşa ediləcyinə əminlik ifadə edib.