Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin Zaqrebdə keçirilən iclası çərçivəsində Cəmiyyətin Əsasnaməsi imzalanıb. Bu barədə cümə axşamı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə iştirak edən Azərbaycanın bu ölkədəki səfiri Kamil Xasıyev rəsmi Bakı və Zaqreb arasında münasibətlərin sürətlə inkişafını qeyd edərək vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin mart ayında Xorvatiyaya səfəri ikitərfli əlaqələrin inkişafına ciddi töhfə verib.
Cəmiyyətin sədri Stepan Mesiç səmimi əlaqələrin qurulduğunu və müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu qeyd edib. O, Dostluq Cəmiyyətinin bu istiqamətdə fəal rol oynayacağına əmin olduğunu ifadə edib.
Xorvatiya Dostluq Cəmiyyətləri İttifaqının baş katibi Andriya Karafilipoviç öz növbəsində qeyd edib ki, Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəsmi dövlət qeydiyyatından keçib və təşkilatın planları və fəaliyyəti barədə danışıb.