Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları tərəfindən Ağdam və Ağcabədi rayonlarında arxeoloji qazıntılar aparılan yerlərdə tədqiqatlar həyata keçiriblər.
İnstitutdan “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin müdiri Nasir Quluzadənin tədqiqatlarının nəticəsi üzrə arxeoloji qazıntıların aparıldığı yerlərdən aşkar edilən 22 abidə qeydiyyata alınaraq elektron xəritəyə daxil edilib. Bunlardan Alıbəyli qəbiristanlığı, Yovşanlı təpə, Qətltəpə, Məktəbtəpə, Ədiltəpə, Xudutəpə-1, Xudutəpə-2, Xudutəpə-3, Xudutəpə-4, Qəbiristanlıqtəpə, Bağçatəpə, Yanıqtəpə, Köpəktəpə, Kəruztəpə və Yolaşantəpə və s. qeyd etmək olar. Alimlərin təsdiq etdiyi kimi, bu obyektlərin əksəriyyəti neolit-eneolit dövrünə aid yaşayış məskənləri olub.
“Aparılan tədqiqatlar və toplanan materiallar gələcək arxeoloji qazıntılar üçün əsas olacaq”, - deyə agentliyin müsahibi qeyd edib.