Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində “YARAT!” Müasir İncəsənət Məkanı tərəfindən Azərbaycan sənətinin irəliləməsi üzrə layihələr çərçivəsində “Home, sweet home” (“Doğma ev”) adlı sərgi təşkil olunub. Bu barədə rəsmi mətbuatın məlumatında deyilir.
Sərgi “YARAT!” Mərkəzinin daimi tərəfdaşı olan Heydər Əliyev Fondu ilə birgə təşkil olunub. Sərginin Fransada təşkilinin məqsədi bu ölkə sakinlərini Azərbaycanın zəngin rəssamlıq nümunələri və milli dəyərləri ilə yaxından tanış etməkdir.
Sərgidə 25 rəssamın 90 əsəri təqdim edilib. Sərgiyə gələnlər Leyla Əliyeva, Aidə Mahmudova, Müseyib Əmirov, Vüqar Muradov, Sitarə İbrahimova, Altay Sadıqzadə, Fəxriyyə Məmmədova, Fidan Seyidova, Fərid Rəsulov və digər rəssamların müasir və miniatür əsərləri ilə tanış olublar.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovun sözlərinə görə, sərgi müxtəlif mədəniyyət və sivilizasiyaların arasında yerləşən Azərbaycanın zəngin sərvətləri və mədəniyyəti ilə fransızları yaxından tanıtmaq məqsədilə təşkil olunub.
“YARAT!” Müasir İncəsənət Məkanının təsisçisi Aidə Mahmudova məlumat verib ki, təşkilat artıq Rusiya, İtaliya, BƏƏ-də bir sıra bu cür sərgilər təşkil edib. Bu sərgilərin keçirilməsi gələcəkdə də davam edəcək.
Sərginin açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, fondun vitse-prezidenti Leyla Əliyeva, Fransa hökuməti və parlamentinin nümayəndələri və başqaları iştirak ediblər.