Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2013-cü ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 97,8 mln. manat kredit verib. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.
2013-cü ilin əvvəlindən fondun vəsaitləri hesabına 923 investisiya layihəsi maliyyələşdirilib.
“Bu layihələrin maliyyələşdirilməsi 3,2 minə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə məlumatda SKMF-in icraçı direktoru Şirzad Abdullayevə istinadən vurğulanır.
Cümə günü SKMF tərəfindən Şirvan şəhərində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib.
Ş.Abdullayev qeyd edib ki, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5470-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 275,9 mln. manat güzəştli kredit verilib.
Tədbir çərçivəsində 48 sahibkara 2,9 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 130-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Ayrılmış kreditlər kənd təsərrüfatı sahəsində sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2012-ci ildə fond 218 mln. manat məbləğində güzəştli kredit verib, 2013-cü ildə ümumilikdə 250 mln. manat kredit verməyi planlaşdırır.