“Foster Wheeler İtaliana” (FWİ) şirkəti 2013-cü ilin iyul ayına qədər Heydər Əliyev adına Bakı neft emalı zavodunda neftin ilkin emalı üzrə qurğunun yekun texniki-iqtisadi əsaslandırmasını hazırlayacaq. Bu barədə SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) məlumatında bildirilir.
“Cari ilin may-iyun ayları ərzində FWİ tərəfindən ED-AVQ-6 qurğusunun yenidənqurulmasının yekun texniki-iqtisadi əsaslandırması təqdim ediləcək, bunun əsasında isə gələcək yenidənqurma işləri müəyyənləşdiriləcək. “Foster Wheeler İtaliana” 2013-cü ilin yanvar ayından texniki-iqtisadi əsaslandırmanın hazırlanması və işlərin həcminin qiymətləndirilməsinə cəlb olunub və artıq ilkin hesabatlarını təqdim edib”, - deyə məlumatda qeyd olunur.
Hesabatın hazırlanması prosesində şirkət ED-AVQ-6 qurğusunun işində bir neçə çatışmazlıq aşkar edib. Onların arasında mövcud sobaların istilik gücünün kifayət qədər olmaması, kolonlarda daha məhsuldar boşqablardan istifadənin zəruri olması və istehsal olunan məhsulların temperaturlarına dəqiq nəzarətin təmin edilməsidir.
SOCAR-ın məlumatına görə, BNEZ-də həmçinin katalitik riforminq, katalitik krekinq və tədrici kokslaşma qurğularının yenidənqurulması və təkmilləşdirilməsi planlaşdırılır. Bu məqsədlə zavodda işçi qrupu yaradılıb.
“Bu işlər neftin emal dərinliyinin yüksəldilməsi, enerji xərclərinin azaldılması və emal qurğularının məhsuldarlığının artırılmasına yönəlib”, - deyə məlumatda qeyd olunur.