İranın dəstəyi zəifləyərsə Ermənistan Qarabağ münaqişəsinin nizmalanmasında daha güzəştli mövqe tuta bilər. Azərbaycanlı politoloq, Yaxın Şərq üzrə ekspert Moisey Bekker belə hesab edir.
“Təsəvvür edin ki, baş verən hadisələr nəticəsində İran oyundan çıxdı. Bu vəziyyətdə Ermənistan özünün iqtisadi və siyasi cəhətdən ən etibarlı tərəfdaşlarından birini itirir ki, bu da onu Dağlıq Qarabağ probleminin həllində daha güzəştli mövqe tutmağa vadar edəcək”, - deyə ekspert “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
M.Bekkerin fikrincə, belə bir ssenari Xəzər dənizinin resurslarının ədalətlə bölünməsində razılıq əldə edilməsini asanlaşdıracaq, xaricdən Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərini aradan qaldıracaq.
“Regionda baş verən hadisələr əsasən dini zəminə əsaslanır. Mənə belə gəlir ki, Azərbaycanda din yuxarıda qeyd olunan dövlətlərdə oynadığı rolu oynamır. Həm də ölkəmizdə həyat, eləcə də təhsilin səviyyəsi kifayət qədər yüksəkdir və bu, ekstremizm və fundamentalizmin hər hansı formasının təməlinin möhkəmlənməsinə imkan vermir”, - deyə politoloq qeyd edib.
Müsahibənin tam mətni ilə agentliyin www.interfax.az saytında tanış olmaq olar.