2013-cü ilin mart ayında icazələrin elektron informasiya portalını (www.icazeler.gov.az) 11 minə yaxın internet istifadəçisi ziyarət edib. Bu barədə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.
Xəbər verildiyi kimi, İqtisadi İnkişaf Nazirliyi 2012-ci ilin mart ayının ortalarında www.icazeler.gov.az portalının təqdimatını keçirib.
Nazirliyin məlumatına görə, mart ayında portala müraciət edənlərin 130-dan çoxu Almaniya, Türkiyə, ABŞ, Rusiya, Tayland, Böyük Britaniya, İran, Lüksemburq, İsveçrə, Ukrayna, Çexiya, Rumıniya, Sloveniya, Mərakeş, Polşa, Gürcüstan, Qətər, Çin və Finlandiya kimi ölkələrdəndir.
Ümumilikdə, 2012-ci ilin mart ayından portaldan 117 mindən çox internet istifadəçisi yararlanıb.
2012-ci ilin martından portalda mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən hazırlanan 111 normativ-hüquqi aktların layihələri dərc edilib.
Xəbər verildiyi kimi, bu portalın yaradılmasında məqsəd sahibkarlığın inkişafında inzibati maneələrin aradan qaldırılması, İKT sahəsində nailiyyətlərin geniş tətbiqi, qabaqcıl informasiya sistemlərinin yaradılması və şəffaflığın artırılmasıdır. Saytda hər fəaliyyət növü üzrə lisenziya və icazələrin alınması şərtləri barədə bütün məlumatlar yerləşdirilib.
Bundan başqa, sahibkarlar sayt vasitəsilə dövlət orqanları tərəfindən hazırlanan və lisenziyalaşdırma və yerləşdirməyə dair ayrı-ayrı normativ sənədlərin layihələri ilə tanış olmaq imkanı əldə edirlər. Bu sənədlərin layihələri saytda yerləşdiriləcək, sahibkarlar onlar barədə təklif və iradlarını bildirə biləcəklər.