Azərbaycan Yaxın Şərq regionunda münaqişənin iki dövlət və Fələstinin paytaxtı Şərqi Qüdsün olması prinsipi ilə həllini tapmasının tərəfdarıdır. XİN-in mətbuat xidmətindən bazar ertəsi verilən məlumata görə, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.
Bazar günü Yaxın Şərqə səfəri çərçivəsində Fələstinin baş naziri Salam Fayad ilə görüş zamanı E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan beynəlxalq arenada Fələstinə dəstəyini davam etdirəcək və Yaxın Şərq regionunda münaqişənin tezliklə öz həllini tapmasının tərəfdarıdır.
Nazir ikitərəfli münasibətlərin müxtəlif, o cümlədən humanitar sahədə inkişaf perspektivlərinə toxunaraq, vurğulayıb ki, fələstinli tələbələrin Azərbaycanda təhsil alması üçün Bakı lazımi şərait yaradır və sözügedən dəstək İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həyata keçirilir.
E.Məmmədyarov həmsöhbətinə Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verib və vurğulayıb ki, problemin ədalətli həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür.
Baş nazir S.Fayad bildirib ki, Fələstin Azərbaycanla münasibətlərə yüksək əhəmiyyət və dəyər verir. O, ölkəmizlə müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını qeyd edib.