Azərbaycan və BMT-nin himayəsi altında fəaliyyət göstərən Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilat (KSQOT) kimyəvi silahın qadağan olunmasına dair Konvensiyanın müddəalarının yerinə yetirilməsi sahəsində məhsuldar əməkdaşlıq edir. Bu bəyanatla bazar ertəsi Bakıda Xarici İşlər Nazirliyi və Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatın birgə təşkilatçılığı ilə kimyəvi silahların transfer rejiminin texniki aspektlərinə dair keçirilən regional təlim kurslarında KSQOT Katibliyinin nümayəndəsi Mina Senior-Farres çıxış edib.
“Azərbaycan və KSQOT-nin bu treninqi birgə keçirməsi kimyəvi silahların qadağan olunmasına dair Konvensiyanın prinsiplərinə riayət olunması sahəsində respublika ilə sıx əməkdaşlığın göstəricisidir”, - deyə M.Farres qeyd edib.
“Dünya dövlətlərinin 98%-i bu Konvensiyanı ratifikasiya edib. Konvensiyaya qoşulan ölkələrin üzərinə qoyulan öhdəliklərə əsasən, hər ölkə ərazisindən daşınan kimyəvi vasitələrə əsaslı nəzarət vacibdir”, - deyə o qeyd edib.
M.Farresin sözlərinə görə, bu sahədə Konvensiyaya üzv-dövlətlərin gömrük xidmətləri arasında məlumat mübadiləsi də zəruridir.
Treninqlər Şərqi Avropa ölkələrinin gömrük qurumlarının nümayəndələri üçün təşkil olunub və kimyəvi silahların transfer rejiminin texniki aspektlərini əhatə edir.