Avropa Birliyi Azərbaycanı enerji sahəsində tərəfdaşı hesab edir. Bu barədə çərşənbə axşamı jurnalistlərə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bəyan edib.
Onun sözlərinə görə, enerji və alternativ enerji mənbələri məsələsi AB-Azərbaycan əməkdaşlığının prioritetlərindən biridir.
R.Kobia qeyd edib ki, Azərbaycan böyük həcmdə potensial alternativ enerji, o cümlədən, külək, günəş, hidro və hidrotermal mənbələrə malikdir.
“Avropa Birliyi tvinninq proqramları, müvafiq layihələrə qrant ayırmaq, İNOGATE kimi regional proqramları maliyyələşdirmək və ölkə büdcəsinə dəstək xarakterli proqramlar həyata keçirməklə ölkədə alternativ enerji mənbələrinin inkişafını dəstəkləyir”, - deyə R.Kobia bildirib.