Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyi Fri Steyt Universitetində keçirilən “Xaricdə təhsil” Beynəlxalq yarmarkasında iştirak edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanın CAR-dakı səfirliyindən məlumat verilib.
Yarmarkanın keçirilməsində məqsəd afrikalı tələbə və müəllimləri xarici ali təhsil müəssisələri və onların yerləşdiyi ölkələr barədə məlumatlandırmaq, eləcə də yerli gənclərin bu ali məktəblərdə təhsil alması üçün şərait yaratmaqdır.
Səfirliyin əməkdaşları Azərbaycan güşəsində ölkəmiz, Azərbaycan Diplomatik Akademiyası və digər dövlət və özəl ali məktəblər haqqında məlumat kitabçaları paylayıblar.
Bundan başqa, Azərbaycanın tarixi və mədəniyyətini əks etdirən suvenir, kitab və videoçarxlar təqdim olunub.
Yarmarkanın işində, həmçinin bir sıra beynəlxalq təşkilat və 10-dan artıq diplomatik nümayəndəliyin əməkdaşları iştirak ediblər.