Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti növbəti prezident seçkilərində hazırda fəaliyyətdə olan Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər. Bu barədə çərşənbə günü jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katib Əli Əhmədov bəyan edib.
“Azərbaycanın bugünkü uğurlarını İlham Əliyevin adı ilə əlaqələndirərkən ölkəmizin yaxın beş il ərzində inkişaf perspektivlərini də onun adı ilə bağlamaq lazımdır. Təkcə siyasətçilər deyil, sıravi vətəndaşlar da belə hesab edirlər”, - deyə o vurğulayıb.
Bir sıra KİV-lərin AXCP sədri Əli Kərimlinin lazım gələrsə keçiriləcək seçkilərdə namizədliyini irəli sürməməyə hazır olması barədə məlumatı şərh edən Ə.Əhmədov bu mümkün addımın məntiqli olduğunu deyib.
“Yəqin o, ümumilikdə bütün real prosesləri ölçüb-biçərək, seçicilərin əhval-ruhiyyəsini öyrənərək belə qənaətə gəlib ki, Azərbaycan vətəndaşlarından heç kim prezident seçkilərində onun namizədliyini dəstəkləmək niyyətində deyil. Seçkilərdə iştirak edəcəyi halda o, çox səs toplaya bilməyəcək”, - deyə Ə.Əhmədov vurğulayıb.