Səudiyyə Ərəbistanının əmək nazirinin müavini Müfərrəş əl-Xoqubani hesab edir ki, işsizlik Yaxın Şərqdə inqilabi proseslərin baş verməsinin əsas səbəblərindən biri oldu .
“İşsizlik bir sıra Yaxın Şərq ölkələrində inqilabi proseslərin aparıcı qüvvəsi oldu. Yalnız ölkələrimizdə dayanıqlı inkişafa nail olmaqla belə mənfi hallara qarşı durmaq olar”, - deyə Müfərrəş əl-Xoqubani cümə axşamı Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirlərinin ikinci sessiyasında çıxışı zamanı bildirib.
Nazir müavini qeyd edib ki, beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi İƏT-in gündəliyinə salınmış əsas məsələlərdir.
“5 il əvvəl işsizlik bizim ölkələrimizdə rekord həddə çatıb. Bu rəqəmlər iqtisadiyyatı ixracdan güclü şəkildə asılı olan İƏT ölkələrində daha yüksək səviyyədə idi”, - deyə Müfərrəş əl- Xoqubani qeyd edib.