İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin əmək nazirlərinin növbəti, üçüncü sessiyası Cakartada keçiriləcək.
“İƏT əmək nazirlərinin üçüncü sessiyası 2015-ci ildə İndoneziyanın paytaxtı Cakarta şəhərində keçiriləcək”, - deyə İƏT-in baş katibi Ekmələddin İhsanoğlu bu gün Bakıda nazirlərin II sessiyasında çıxışı zamanı bildirib.
“Bu sessiya çərçivəsində qəbul edilmiş bütün sənədlər növbəti görüşdə müzakirə olunacaq. Biz qəbul edilmiş qərar və qətnamələrin yüksək səviyyədə həyata keçirilməsi üçün əlimizdən gələni edəcəyik”, - deyə o söyləyib.
E.İhsanoğlu İƏT ölkələri arasında əməkdaşlığın gücləndirilməsinin, dünya maliyyə böhranının ölkələrimizə mümkün təsirinin tamamilə neytrallaşdırılması məqsədi ilə tədbirlər görülməsinin zəruriliyini qeyd edib. Maliyyə böhranı nəticəsində məşğulluq səviyyəsi, əhalinin gəlirləri, eləcə də birbaşa xarici investisyaların azalması müşahidə olunub.
“Bununla yanaşı, qeyd etmək lazımdır ki, islam ölkələrində sosial sahənin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin analoqu yoxdur. Bu tədbirlər nəticəsində 2012-ci ildə ölkələrimizdə işsizlərin sayı 2007-ci ildə qeydə alınmış 150 mln. nəfərdən 102 mln. nəfərədək azalıb. Bizim proqnozlarımıza əsasən, qarşıdakı iki il ərzində İƏT ölkələrində işsizlərin sayı daha 3 mln. nəfər azalacaq”,- deyə o vurğulayıb.
Baş katib əlavə edib ki, bununla əlaqədar olaraq əmək resurslarının və insan potensialının inkişaf etdirilməsi, eləcə də məhsuldarlığın artırılması, iş yerlərinin yaradılması, iqtisadi inkişafın gücləndirilməsi, texniki peşə təhsilinin inkişafı İƏT ölkələri üçün prioritet istiqamətlərdir.