SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ ) təsis etdiyi “SOCAR-Media” İctimai Birliyi Türkiyənin media qurumları ilə əməkdaşlıq qurmaq niyyətindədir. Bu barədə SOCAR-dan məlumat verilib.
““SOCAR-Media” İctimai Birliyi SOCAR-ın bu ölkədə reallaşdırdığı irimiqyaslı investisiya layihələrinin təbliği məqsədilə Türkiyədə fəaliyyət göstərən müxtəlif media qurumları ilə əməkdaşlıq haqqında danışıqlar aparır. Əməkdaşlığın müxtəlif formaları nəzərdə tutulur. Hazırda danışıqlar davam edir”, - deyə məlumatda qeyd olunur.
Bununla yanaşı, Türkiyə mətbuatının məlumatına görə, "SOCAR-Media” artıq “Star” Media Qrupunun alınmasına dair razılıq əldə edib. Türkiyənin “Star” Media Qrupunun ortağı və “Rixos Star Media” otellərinin idarə heyətinin sədri Fettah Tamince aprelin ortalarında SOCAR ilə danışıqlara başlayıb. Ötən dövr ərzində tərəflər Türkiyənin media qrupu ilə razılıq əldə ediblər. Bununla belə, sövdələşmənin məbləği açıqlanmır.
“Star” Media Qrupu Fettah Tamince və Tevhit Karakayaya aiddir. Qrupa “Star” qəzeti və “Kanal 24” televiziyası daxildir.
Xəbər verildiyi kimi, hazırda SOCAR şirkəti Türkiyədə bir sıra iri layihələr reallaşdırır. “SOCAR Turkey Enerji” şirkəti (SOCAR-ın törəmə strukturu) “Petkim Petrokimya Holdinq”in nəzarət səhm paketinin (51%) sahibidir. Şirkət həmçinin İzmir şəhərində yeni NEZ-in və limanın tikintisi ilə məşğuldur.
Bundan başqa, SOCAR Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsinin iştirakçısıdır. Şirkət layihədə səhmlərin 80%-nin sahibidir.
Bundan əlavə, SOCAR Türkiyənin daxili bazarında təbii qazın topdan satışı üzrə lisenziya, dizel yanacağı, benzin və mazut da daxil olmaqla, neft məhsullarının satış hüququnu əldə edib.