Mayın 10-12-də Azərbaycanda ilk dəfə olaraq Xaçmaz rayonunda Səmti Müəyyən etmə İdmanı üzrə beynəlxalq yarış keçiriləcək. Bu barədə Səmti Müəyyən etmə İdman Federasiyasının məlumatında deyilir.
Açıq Kubok adlandırılan yarış ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunub. Beynəlxalq Səmti Müəyyən etmə Federasiyasının nümayəndələrinin, eləcə də Ukrayna, Türkiyə, Rusiya, Gürcüstan və Moldova təmsilçilərinin yarışda iştirakı artıq təsdiqlənib. Skandinaviya və Avropa Birliyi ölkələrinin nümayəndələrinin iştirakı məsələsi müzakirə edilir.
Məlumatda bildirilir ki, bu yarışın təşkilindən öncə respublikada səmti müəyyən etmə idmanının beynəlxalq standartlar səviyyəsinə çatdırılması üçün Azərbaycan Səmti Müəyyən etmə İdman Federasiyası və Ukraynanın Bakıdakı səfirliyi birgə fəal iş aparıblar.
“Yarışın keçirilməsi ilə ilyarımlıq əməkdaşlıq dövrü başa çatır. Bu müddət ərzində ukraynalı mütəxəssislərin iştirakı ilə Azərbaycanın müxtəlif regionlarında 11 idman xəritəsi hazırlanıb və bu, Azərbaycan Səmti Müəyyən etmə İdman Federasiyasının 2012-ci ilin oktyabr ayında Beynəlxalq Səmti Müəyyən etmə Federasiyasına üzv olmasına kömək etdi”,- deyə məlumatda bildirilir.