Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Azərbaycan və Ermənistan nümayəndə heyətləri rəhbərlərinin Strasburqda görüşü keçirilib. Bu barədə cümə axşamı “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sabir Hacıyev məlumat verib.
“Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri Səməd Seyidov və David Arutyunyan arasında görüş AŞPA sədri Jan-Klod Minyonun təşəbbüsü ilə keçirilib”, - deyə S.Hacıyev qeyd edib.
Deputat erməni tərəfinin ikitərəfli dialoqun qurulması və AŞPA-da Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin bərpasında maraqlı olmadığını bəyan edib.
“Baxmayaraq ki, biz AŞPA-dakı Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin bütün üzvlərinin iştirakı ilə görüşün keçirilməsinə ümid edirdik, görüşdə yalnız nümayəndə heyətlərinin rəhbərləri iştirak edib. Ermənistan tərəfi AŞPA-da Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin bərpasında maraqlı deyil. Lakin müvafiq hüquqi sənəd mövcuddur, bu səbəbdən görüşlər keçirilir”, - deyə S.Hacıyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri arasında görüş 2005-ci ildə qəbul edilmiş müvafiq qətnamə əsasında keçirilib.
Əvvəllər AŞPA-da Dağlıq Qarabağ üzrə Alt Komitə fəaliyyət göstərirdi. Komitənin rəhbəri lord Rassel Constonun vəfatı ilə əlaqədar onun fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Mövlut Çavuşoğlunun AŞPA prezidenti olduğu dövrdə isə görüşlər Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri səviyyəsində Parlament Assambleyasının baş katibinin iştirakı ilə keçirilirdi.