Azərbaycan Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun növbəti iclasının Bakıda keçirilməsinə hazırlıq görür. Bu barədə cümə günü jurnalistlərə xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib.
“İclasın sentyabrın birinci yarısında Bakıda keçirilməsi planlaşdırılır”, - deyə o bildirib.
Nazir müavininin sözlərinə görə, Xəzəryanı ölkələr bu formatda artıq 32 görüş keçiriblər, bununla yanaşı, əgər əvvəllər orta hesabla ildə iki görüş keçirilirdisə, son zamanlar daha tez-tez keçirilir. “Buna səbəb Konvensiyanın layihəsinin tezliklə razılaşdırılması məqsədinin qarşıya qoyulmasıdır”, - deyə o qeyd edib.
X.Xələfov bildirib ki, Konvensiyanın layihəsi Xəzər dənizində ən müxtəlif fəaliyyət növlərini - gəmiçilik, ticarət, qaçaqmalçılıqla mübarizə, gələcəkdə təhlükəsizlik sahəsində ayrı- ayrı sazişlərin imzalanmasını nəzərdə tutan bir sıra aspektləri əhatə edən geniş məzmunlu sənəddir. Konvensiyada ən vacib məsələlərdən biri Xəzərin səthindən istifadə prinsiplərinin razılaşdırılması, müstəqil zona və balıqçılıq zonalarının müəyyənləşdirilməsidir.
“Bundan başqa, hərbi fəaliyyətlə bağlı məsələlər də öz əksini tapacaq, çünki faktiki olaraq bütün sahilyanı ölkələrin öz hərbi donanması var və onun fəaliyyəti tənzimlənməlidir”, - deyə o əlavə edib.
Xəzərin dibinin bölüşdürülməsi məsələsinə toxunan X.Xələfov hələ 10 il əvvəl bu problemi ikitərəfli səviyyədə həll etmiş və müvafiq sazişlər bağlamış Azərbaycan, Rusiya və Qazaxıstanın təcrübəsini nümunəvi adlandırıb.
“Məsələnin mahiyyəti problemin ikitərəfli səviyyədə razılaşdırılmasını tələb edir. Buna görə də biz İran və Türkmənistanla danışıqları davam etdiririk, danışıqların format və mexanizmi artıq müəyyən olunub, iş gedir”,- deyə o bildirib.