Azərbaycan Beynəlxalq Bankı (ABB) səhmdarlara dividendlərin ödənilməsi üçün bölünməmiş xalis mənfəətdən 15 mln. manat yönəldə bilər. Bu barədə jurnalistlərə cümə günü ABB İdarə Heyətinin sədri Cahangir Hacıyev məlumat verib.
“Bazar ertəsi bankın Müşahidə Şurasının iclası keçiriləcək. İclasda 53 mln. manat məbləğində bölünməmiş xalis mənfəətin istifadəsi məsələsi müzakirə olunacaq. Biz səhmdarlara dividendlərin ödənilməsi üçün 15 mln. manat yönəltməyi təklif edirik”, - deyə C.Hacıyev bildirib.
ABB rəhbərinin sözlərinə görə, bu məbləğin qalan hissəsi bölünməmiş xalis mənfəət şəklində qalacaq ki, bu da “gələcəkdə bankın kapitallaşmasına müsbət təsir göstərəcək”. “Ümumilikdə, bankın nizamnamə kapitalının artırılmasına dair qərar səhmdarlar tərəfindən qəbul edilməlidir”, - deyə o söyləyib.
Hazırda bankın nizamnamə kapitalı 340 mln. manata bərabərdir.
ABB-nin özəlləşdirilməsi məsələsinə toxunan C.Hacıyev bildirib ki, “bu məsələdə tələsmək olmaz, yəni özəlləşdirmə xatirinə özəlləşdirmək olmaz”.
Bununla yanaşı, o əlavə edib ki, müsbət inkişaf dinamikası, həmçinin maliyyə göstəricilərinin artması ABB-nin dəyərinə təsir göstərir.
C.Hacıyev əlavə edib ki, ABB islam bankinqinin inkişaf etdirilməsi məqsədi ilə beynəlxalq islam institutlarından artıq $60-70 mln. vəsait cəlb edib. “ABB-nin törəmə strukturu olan “Joint Leasing” şirkəti də islam maliyyələşməsi sahəsində aktiv fəaliyyətə başlayıb”, - deyə o vurğulayıb.
Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. ABB-nin səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.