Sumqayıt şəhərində müxtəlif dini icmaların (müsəlman, yəhudi və xristian- İF-Az) nümayəndələrinin iştirakı ilə Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə ağacəkmə aksiyası keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) məlumat verilib.
Aksiya DQİDK-nin və Tolerantlıq Mərkəzinin təşəbbüsü ilə “Yaşıl dünyamızı birgə qoruyaq” devizi altında keçirilib.
Tədbirdə çıxış edən DQİDK sədri Elşad İsgəndərov bildirib ki, aksiyanın keçirilməsində məqsəd ətraf mühitin qorunması, müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşma və dözümlülüyün möhkəmləndirilməsi, Azərbaycanda tolerantlığın daha da inkişaf etdirilməsi, eləcə də H.Əliyev ideyaları ətrafında birləşmədir.
“Bu gün burada müsəlman, yəhudi və xristian dini icmalarının nümayəndələri toplaşaraq birlikdə ağac əkirlər. Dünya praktikasında belə aksiya demək olar ki, yalnız Azərbaycana məxsusdur. Bununla yanaşı, bu, ölkəmizdə mövcud olan tolerant mühitin göstəricisidir”,- deyə E.İsgəndərov vurğulayıb.